XİLAS (2) – Bakıxan Abdullayev yazır

Necə deyərlər “Söz vaxtına çəkər!”.
Düz iki il bundan qabaq, 2015-ci il dekabr ayının 20-si, gecə saatlarında çəkmişəm bu fotonu. Ona görə də bu gün əlamətdar gündür mənim üçün. Çünki, həyatımın ən məsuliyyətli, risqli qərarlarından birini almışdım iki il əvvəl. Və bu gündən durub iki il əvvələ nəzər salanda sevinirəm, “Nə yaxşı elədim bunu…” deyirəm;
Deməli iki il bundan əvvəl təhsilin, məktəbin uşaqlarım üçün bir işkəncə olduğunu anlayanda, onlara dedim ki, daha oxumaq istəmədiyiniz heç bir dərsi oxumayın. Rahat olun. Ata sizi buna görə danlamayacaq, məcbur da eləməyəcəm. Ürəyiniz nəyi istəyir, onu oxuyun. Vaxtınızı sadəcə həvəsiniz, marağınız olan şeyə sərf edin.
Uşaqlar necə sevindilər… Xüsusən də oğlum. Heç bir dərsi hazırlamadılar. Amma axşam yatağına girəndən sonra “müəllimə nə deyəcəyəm…” deyə ağlamağa başladı.
– Ay oğul! Niyə ağlayırsan ki?
+ Sən dedin oxuma, mən də oxumadım. Bəs müəllimə nə deyəcəm?
– Ay Dədəm! Mən sənə oxuma demədim ki. Mən sənə dedim həvəsin olmayanı oxuma, həvəsin olanı oxu.
+ Mənim heç birini oxumağa həvəsim yoxdu axı…
– Onda oxuma!
+ Bəs müəllim məni danlasa…?
– Mən sabah gedib sənin bütün müəllimlərinlə danışacam.
O gecə ağlaya-ağlaya dərslərini yarı-yarımçıq hazırlayıb sonra yatdı. Səhəri mən müəllimləri ilə danışıqlara başladım. Danışıqlar gözlədiyim qədər asan olmadı, amma nəhayət ki, baş tutdu.
İndi hər şey qaydasında, arzu elədiyim kimi yolundadır. Nəyi istəyirlər, nə maraqlıdırsa o sahəyə tam gücləri ilə yönəlirlər. Maraqları, istəkləri tez-tez dəyişir. Birinin başını buraxıb, rahatlıqla başqa şeyə yönələ bilirlər. Amma yönəldikləri sahədən mütləq nə isə öyrəndiklərini hiss edirəm. Ən əsası isə öz-özlərinə öyrənə bilməyin yöntəmlərini kəşf edir, bunun mümkünlüyünə alışır və üsulunu öyrənirlər. Neçə dəfə olmaq istədikləri peşəni dəyişiblər. Oturub ciddi-ciddi nə olacaqlarını düşünür, müzakirə edirlər. Ona görə planlar qururlar. Sonra hamısını dağıdır, yenidən qurmağa başlayırlar. Heç nə öyrənmək istəməyəndə də doya-doya oynayıb uşaqlıqlarının haqqını verirlər. Ümumi bilik və bacarıqlarına görə də sinif yoldaşlarından heç də geri qalmadılar. Əksinə, çox cəhətdən irəli belə getdilər. Ən əsası isə, həqiqətən nələrisə qalıcı olaraq öyrəndiklərini görürəm.

 

https://m.facebook.com/story.php?story_fbid=1685958228145557&id=100001941885415

Leave a comment