Bakıxan Abdullayev: “QIZIM SƏNƏ DEYİRƏM, …” silsiləsindən

Dinlə qızım!
“Böyüyəndə həkim olmaq istəyirəm” deyənlər əslində yalan danışırlar. Çünki, heç kim, hələ həkim olmamış bunu istəyib-istəmədiyindən öncədən əmin ola bilməz. Ola bilər ki, kimsə həkim olandan sonra həkimliyi sevsin. Ancaq biz peşələri seçəndən sonra o peşənin sahibi ola biləcəyimizə görə, hələ olmamış bunu istədiyimizdən əmin ola bilmərik. Sən soruşa bilərsən ki, “Ata! Bəs onda “həkim olacam” deyənlərin istədiyi nədir?” Mən bu suala belə cavab verərdim:
Bax, təsəvvür elə ki, indi sən xoşladığın musiqiləri, mahnıları istədiyin vaxt, istədiyin qədər doya-doya dinləmək istəyirsən. Ancaq bunun üçün sənə yaxşı bir mobil telefon, internet bağlantısı, ya da mp3 oxuyucu lazımdır ki, bunu edə biləsən. Bunları əldə edə bilmək üçün isə, təbii ki, sənə pul lazımdır. Pulun yoxdursa, sən onu qazanmağın yollarını axtaracaqsan. Pulu necə qazanmaq olar? Əlbətdə ki, həkim, müəllim, hakim və s. olmaqla. Və beləcə sən, “Böyüyəndə Həkim Olmağı İstəmək Qərarına Gəlirsən”. Əslində isə səni buna sövq edən həqiqi səbəb, sevdiyin musiqini rahat bir şəkildə dinləyə bilmək arzusudur. Beləcə sən böyüyürsən, həkimliyi oxuyursan, həkim diplomu alırsan, həkim işləməyə başlayırsan, pul da qazanırsan, qazandığın pul ilə bir çox istəyinə də nail olursan. Amma heç vaxt HƏKİM ola bilmirsən ki, bilmirsən. Çünki sən heç vaxt, “Bir insan nə üçün həkim olmaq istəsin ki?” sualını özünə verib, bu sualı cavablamağa belə çalışmamısan.

Bakıxan Abdullayev

Leave a comment